Конспект урока "Azərbaycan Respublikasının Konstitusiyası" 9 класс
Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, "Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsipləri əsas
götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin,
azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər
qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə
aşağıdakı niyyətlərini bəyan edir:
- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin
etmək;
- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq
şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi - referendum yolu ilə bu Konstitusiya
qəbul edilir.
MÜNDƏRİCAT
BİRİNCİ BÖLMƏ: ÜMUMİ MÜDDƏALAR
• I fəsil. XALQ HAKİMİYYƏTİ
• II fəsil. DÖVLƏTİN ƏSASLARI
İKİNCİ BÖLMƏ: ƏSAS HÜQUQLAR, AZADLIQLAR VƏ VƏZİFƏLƏR
• III fəsil. ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI VƏ AZADLIQLARI
• IV fəsil. VƏTƏNDAŞLARIN ƏSAS VƏZİFƏLƏRİ
ÜÇÜNCÜ BÖLMƏ: DÖVLƏT HAKİMİYYƏTİ
• V fəsil. QANUNVERİCİLİK HAKİMİYYƏTİ
• VI fəsil. İCRA HAKİMİYYƏTİ
• VII fəsil. MƏHKƏMƏ HAKİMİYYƏTİ
• VIII fəsil. NAXÇIVAN MUXTAR RESPUBLİKASI
DÖRDÜNCÜ BÖLMƏ: YERLİ ÖZÜNÜİDARƏETMƏ
• IX fəsil. BƏLƏDİYYƏLƏR
BEŞİNCİ BÖLMƏ: HÜQUQ VƏ QANUN
• X fəsil. QANUNVERİCİLİK SİSTEMİ
• XI fəsil. AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINDA DƏYİŞİKLİKLƏR
• XII fəsil. AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINA ƏLAVƏLƏR
KEÇİD MÜDDƏALARI
I fəsil. XALQ HAKİMİYYƏTİ
Maddə 1. Hakimiyyətin mənbəyi
I. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
II. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan,
Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası
vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.
Maddə 2. Xalqın suverenliyi
I. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək
Azərbaycan xalqının suveren hüququdur.
II. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi — referendum və
ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə
seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.
Maddə 3. Ümumxalq səsverməsi — referendum yolu ilə həll edilən məsələlər
I. Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll
edə bilər.
II. Aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər:
1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;
2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.
III. Aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz:
1) vergilər və dövlət büdcəsi;
2) amnistiya və əfvetmə;
3) seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra
hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və
ya təsdiq edilməsi. (1)
Maddə 4. Xalqı təmsil etmək hüququ
Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın
adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.
Maddə 5. Xalqın vahidliyi
I. Azərbaycan xalqı vahiddir.
II. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan
Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir.
Maddə 6. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi.
I. Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata
keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.
II. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.
II fəsil. DÖVLƏTİN ƏSASLARI
Maddə 7. Azərbaycan dövləti
I. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
II. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici
məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən
irəli gələn müddəalarla məhdudlaşır.
III. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında
təşkil edilir:
■ qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
■ icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
■ məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
IV. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri
qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
Maddə 8. Azərbaycan dövlətinin başçısı
I. Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində
və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.
II. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və
Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir.
III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi
bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət
olunmasının təminatçısıdır.
IV. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin
təminatçısıdır.
Maddə 9. Silahlı Qüvvələr
I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı
Qüvvələr və başqa silahlı birləşmələr yaradır.
II. Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq
münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir.
III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş
Komandanıdır.
Maddə 10. Beynəlxalq münasibətlərin prinsipləri
Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq
hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.
Maddə 11. Ərazi
I. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
II. Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı
Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.
III. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz
ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli
Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə
Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.
Maddə 12. Dövlətin ali məqsədi
I.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına
layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. (2)
Maddə 13. Mülkiyyət
I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri,
şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Maddə 14. Təbii ehtiyatlar
Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl
gətirmədən Azərbaycan Respublikasına mənsubdur.
Maddə 15. İqtisadi inkişaf və dövlət
I. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq
xalqın rifahının yüksəldilməsinə xidmət edir.
II. Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait
yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə
yol vermir. (2)
Maddə 16. Sosial inkişaf və dövlət
I. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi
və layiqli həyat səviyyəsi qayğısına qalır.
II. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım
göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
Maddə 17. Ailə, uşaqlar və dövlət
I. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.
II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə
yetirilməsinə dövlət nəzarət edir.
III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin
himayəsindədirlər.
IV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə
cəlb etmək qadağandır.
V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.
VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.(2)
Maddə 18. Din və dövlət
I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında
bərabərdir.
II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların)
yayılması və təbliği qadağandır.
III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. (2)
Maddə 19. Pul vahidi
I. Azərbaycan Respublikasının pul vahidi manatdır.
II. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka
mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir.
III. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi
işlədilməsi qadağandır. (2)
Maddə 20. Dövlətin borclarına qoyulan məhdudiyyətlər
Azərbaycan dövlətinə qarşı qiyama və ya dövlət çevrilişinə kömək məqsədi ilə alınmış borclar
Azərbaycan Respublikası tərəfindən öhdəlik kimi qəbul edilə və ödənilə bilməz.
Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası
Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını
təmin edir.
Maddə 22. Paytaxt
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir.
Maddə 23. Azərbaycan dövlətinin rəmzləri
I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı,
Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı
zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın
hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin
uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin
təsviri, Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətni Konstitusiya Qanunu ilə
müəyyən edilir.
III fəsil. ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI VƏ AZADLIQLARI
Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi
I. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
II. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və
vəzifələrini də əhatə edir.
Maddə 25. Bərabərlik hüququ
I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.
II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.
III. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak
vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və
digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının
bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi,
mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər
və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna
bilməz.
V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti
səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.(2)
Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi
I. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını
müdafiə etmək hüququ vardır.
II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
Maddə 27. Yaşamaq hüququ
I.hər kəsin yaşamaq hüququ vardır.
II. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə
minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digir hallar istisna
olmaqla hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.
III. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına
və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.
IV. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və
tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın
yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları
istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir. (1)
Maddə 28. Azadlıq hüququ
I. Hər kəsin azadlıq hüququ vardır.
II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya
azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə
bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə
bilər.
IV. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ
vardır.
Maddə 29. Mülkiyyət huququ
I. Hər kəsin mülkiyyət hüququ vardır.
II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət
hüququ qanunla qorunur.
III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin
təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun
barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam
müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız
qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
V. Dövlət vərəsəlik hüququna təminat verir. (2)
Maddə 30. Əqli mülkiyyət hüququ
I. Hər kəsin əqli mülkiyyət hüququ vardır.
II. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla
qorunur.
Maddə 31. Təhlükəsiz yaşamaq hüququ
I. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.
II. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi
sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.
Maddə 32. Şəxsi toxunulmazlıq hüququ
I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.
II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan
hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə
həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına,
saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna
olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto
çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
IV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən
məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş
qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə
çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış
məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan,
tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və
ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.(2)
Maddə 33. Mənzil toxunulmazlığı hüququ
I. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
II. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların
iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
Maddə 34. Nikah hüququ
I. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.
II. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
III. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət
çoxuşaqlı ailələrə yardım göstərir.
IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək
valideynlərin həm hüququ, həm də borcudur.
V. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış
əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar.
Maddə 35. Əmək hüququ
I.Əmək fərdi və ictimai rifahın əsasıdır.
II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə,
məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
III. Heç kəs zorla işlədilə bilməz.
IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə
bilməz.
V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb
etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar
işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək
hallarına yol verilir.
VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə
görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq
hüququ vardır.
VII. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır.
VIII. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
Maddə 36. Tətil hüququ
I. Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır.
II. Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş
hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və digər silahlı
birləşmələrdə xidmət edən hərbi qulluqçular və mülki şəxslər tətil edə bilməzlər.
III. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.
Maddə 37. İstirahət hüququ
I. Hər kəsin istirahət hüququ vardır.
II. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq
olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan
ödənişli məzuniyyət verilməsi təmin edilir.
Maddə 38. Sosial təminat hüququ
I. Hər kəsin sosial təminat hüququ vardır.
II. Yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur.
III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını
itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda
sosial təminat almaq hüququna malikdir.
IV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.
V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin
inkişafı üçün imkanlar yaradır.
Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ
I. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.
II. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə
əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.
III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə
və ya zərər vura bilməz.
IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla
müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.(2)
Maddə 40. Mədəniyyət hüququ
I. Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən
istifadə etmək hüququ vardır.
II. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və
mədəniyyət abidələrini qorumalıdır.
Maddə 41. Sağlamlığın qorunması hüququ
I. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.
II. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin
inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi
sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.
III. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər
qanun əsasında məsuliyyətə cəlb edilirlər.
Maddə 42. Təhsil hüququ
I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
IV. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət
zəmanət verir.
V. Dövlət minimum təhsil standartlarını müəyyən edir.
Maddə 43. Mənzil hüququ
I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
II. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu
gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
Maddə 44. Milli mənsubiyyət hüququ
I. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır.
II. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.
Maddə 45. Ana dilindən istifadə hüququ
I. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil
almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.
II. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.
Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ
I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.
II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin
alçaldılmasına əsas verə bilməz.
III. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya
cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və
başqa təcrübələr aparıla bilməz.
Maddə 47. Fikir və söz azadlığı
I. Hər kəsin fikir və söz azadlığı vardır.
II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə
bilməz.
III. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat və təbliğata yol verilmir.
Maddə 48. Vicdan azadlığı
I. Hər kəsin vicdan azadlığı vardır.
II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya
başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı
əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd
deyildirsə, sərbəstdir.
IV. Dini etiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırmır.
V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri
yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.(2)
Maddə 49. Sərbəst toplaşmaq azadlığı
I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.
II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc,
silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək
hüququ vardır.
Maddə 50. Məlumat azadlığı
I. Hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq
azadlığı vardır.
II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən
mətbuatda dövlət senzurası qadağandır.
III. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya
mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat
verilir.(2)
Maddə 51. Yaradıcılıq azadlığı
I. Hər kəsin yaradıcılıq azadlığı vardır.
II. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə
təminat verir.
Maddə 52. Vətəndaşlıq hüququ
Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və
vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının
ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan
Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan
şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
Maddə 53. Vətəndaşlıq hüququnun təminatı
I. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası
vətəndaşlığından məhrum edilə bilməz.
II. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və
ya xarici dövlətə verilə bilməz.
III. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan
Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik
edir.
Maddə 54. Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ
I. Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz
iştirak etmək hüququ vardır.
II. Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan
Respublikasının hər bir vətəndaşının hüququdur.
Maddə 55. Dövlətin idarə olunmasında iştirak etmək hüququ
I. Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ
vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələr vasitəsilə həyata keçirə bilərlər.
II. Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına
malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları
sırasından təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla
müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər.
Maddə 56. Seçki hüququ
I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə
referendumda iştirak etmək hüququ vardır.
II. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə
referendumda iştirak etmək hüququ yoxdur.
III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin hökmü ilə
azadlıqdan məhrum edilmiş şəxslərin bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər
şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.
Maddə 57. Müraciət etmək hüququ
I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə
fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən
edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
II. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin,
siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı
vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır.
Təhqir və böhtan tənqid sayıla bilməz.
Maddə 58. Birləşmək hüququ
I. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır.
II. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik
yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst
fəaliyyətinə təminat verilir.
III. Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.
IV. Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət
hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır. Konstitusiyanı və qanunları
pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.
Maddə 59. Azad sahibkarlıq hüququ
Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından
sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya
qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.
Maddə 60. Hüqüq və azadlıqların məhkəmə təminatı
I. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
II. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai
birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə
şikayət edə bilər.
Maddə 61. Hüquqi yardım almaq hüququ
I. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
II. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
III. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət
törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.
Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi
Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin
razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
Maddə 63. Təqsirsizlik prezumpsiyası
I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər
bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə
məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu
deyildir.
IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə
oluna bilməz.
V. Məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz.
Maddə 64. Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi
Heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz.
Maddə 65. Məhkəməyə təkrar müraciət hüququ
Məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə
tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının
yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.
Maddə 66. Qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi
Heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə
verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı
qanunla müəyyən edilir.
Maddə 67. Tutulan, həbsə alınan və cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqları
I.Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər
bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət
məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir.
II. Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs məhkum edilməzdən əvvəl
dinlənilməlidir.(2)
Maddə 68. Zərərin ödənilməsini tələb etmək hüququ
I. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla
qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsində iştirak etmək və ona vurulmuş zərərin
ödənilməsini tələb etmək hüququ vardır.
II. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya
hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
Maddə 69. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları
I.Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə
tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə
edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.
II. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.
Maddə 70. Siyasi sığınacaq hüququ
I. Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası
əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir.
II. Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə
təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir.
Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı
I. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və
qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra
bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş
əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.
III. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və
vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının
beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər.
Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat
verilir.
IV. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və
bunlara görə təqsirləndirilə bilməz.
V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə
yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.
VI. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa
qüvvədədir.
VII. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri
məhkəmələr həll edir.
VIII. Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır.
Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan
qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir.
IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə
tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.
X. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və
hüdudlarda fəaliyyət göstərə bilərlər. (1, 2)
IV fəsil. VƏTƏNDAŞLARIN ƏSAS VƏZİFƏLƏRİ
Maddə 72. Vətəndaşların vəzifələrinin əsası
I. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn
vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.
II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa
şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri
yerinə yetirməlidir.
III. Qanunu bilməmək məsuliyyətdən azad etmir. (2)
Maddə 73. Vergilər və başqa dövlət ödənişləri
I. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında
ödəmək hər kəsin borcudur.
II. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə
vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz.
Maddə 74. Vətənə sədaqət
I. Vətənə sədaqət müqəddəsdir.
II. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti
orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə
məsuliyyət daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər.
III. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti
orqanlarında işləyən, Azərbaycan Respublikası Konstitusiyasına sadiq qalacağına and içmiş şəxs
dövlətə qarşı cinayətdə,o cümlədən dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham
edilibsə və bu ittiham əsasında məhkum olunubsa, həmin vəzifədən getmiş sayılır və bir daha bu
vəzifəni tuta bilməz.
Maddə 75. Dövlət rəmzlərinə hörmət
I.Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə — bayrağına, gerbinə və
himninə hörmət etməlidir.
II. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə
səbəb olur.(2)
Maddə 76. Vətəni müdafiə
I. Vətəni müdafiə hər bir vətəndaşın borcudur.
Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.
II. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda
həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. (1)
Maddə 77. Tarix və mədəniyyət abidələrinin qorunması
Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur.
Maddə 78. Ətraf mühitin qorunması
Ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
Maddə 79. Qanuna zidd vəzifələrin icrasına yol verilməməsi
Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına
məcbur edilə bilməz.
Maddə 80. Məsuliyyət
Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə
tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən
məsuliyyətə səbəb olur.
V fəsil. QANUNVERİCİLİK HAKİMİYYƏTİ
Maddə 81. Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli
Məclisi həyata keçirir.
Maddə 82. Azərbaycan Respublikası Milli Məclisinin say tərkibi
Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.
Maddə 83. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkilərinin əsasları
Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi ümumi, bərabər və
birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. (1)
Maddə 84. Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti
I. Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildir. Müharibə
şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin
keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət
müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun)
keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.
II. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr
ayının birinci bazar günü keçirilir.
III. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti Azərbaycan
Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.
IV. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından çıxanların yerinə yeni seçkilər
keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət
müddəti ilə məhdudlaşır. (2)
Maddə 85. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid tələblər
I. Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən
edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.
II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə
hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla,
başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə
tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni
qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan
Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.
Maddə 86. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin
yoxlanılması və təsdiqi
Seçkilərin nəticələrinin düzgünlüyünü Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
yoxlayır və təsdiq edir.
Maddə 87. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətinin bitməsi
I. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri Azərbaycan Respublikası
Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir.
II. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından çıxanların yerinə seçkilər Azərbaycan
Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa,
keçirilmir.
III. Azərbaycan Respublikasının Milli Məclisi 83 deputatının səlahiyyətləri təsdiq olunduqda
səlahiyyətlidir.
Maddə 88. Azərbaycan Respublikası Milli Məclisinin sessiyaları
I. Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən sonra martın 10-dək onun 83 deputatının
səlahiyyətləri təsdiq edilməzsə, Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilmə
vaxtını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müəyyən edir.
II. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyalarını Azərbaycan
Respublikası Milli Məclisinin sədri Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan
Respublikası Milli Məclisinin 42 deputatının tələbi əsasında çağırır.
III. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının gündəliyini müvafiq
olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bu gündəlikdəki məsələlərə baxıldıqdan
sonra növbədənkənar sessiyanın işi bitir.
IV. Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir. Azərbaycan
Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası
Prezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə
bilər.(1, 2)
Maddə 89. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan
Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi
I. Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatdan məhrum edilir:
1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul
etdikdə;
3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa
ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
5) özü imtina etdikdə.
Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından məhrumetmə haqqında qərar qanunla
müəyyən edilmiş qaydada qəbul edilir.
II. Azərbaycan Respublikası Milli Məclisinin deputatları öz səlahiyyətlərini daimi icra edə
bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Müvafiq
qərarın qəbul edilmə qaydası qanunla müəyyən edilir. (1)
Maddə 90. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı
I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti
toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində
cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula
bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz,
axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin
deputatı cinayət başında yaxalanarsa tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli
Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna
xəbər verməlidir.
II. Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan
Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin
qərarı ilə xitam verilə bilər.
Maddə 91. Azərbaycan Respublikası Milli Məclisi deputatının məsuliyyətə cəlb olunmasına
qoyulan qadağanlar
Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki
fəaliyyətinə, sesverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı
olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.
Maddə 92. Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili
Azərbaycan Respublikası Milli Məclisi öz iş qaydasını müəyyən edir və Milli Məclisin müvafiq
orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, komitələr və komissiyalar
təşkil edir, hesablama palatası yaradır. (2)
Maddə 93. Azərbaycan Respublikası Milli Məclisinin aktları
I. Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya
qanunları, qanunlar və qərarlar qəbul edir.
II. Azərbaycan Respublikasının Milli Məclisində Konstitusiya qanunları, qanunlar və qərarlar, bu
Konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir.
III. Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata
keçirirlər.
IV. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və
məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.
Maddə 94. Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar
I. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən
edir:
1) bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə,
bu hüquqların və azadlıqların dövlət təminatı;
2) Azərbaycan Respublikası Prezidentinin seçkiləri;
3) Azərbaycan Respublikası Milli Məclisinə seçkilər və Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarının statusu;
4) referendum;
5) məhkəmə quruluşu və hakimlərin statusu; prokurorluq; vəkillik və notariat;
6) məhkəmə icraatı, məhkəmə qərarlarının icrası;
7) bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu;
8) fövqəladə vəziyyət rejimi; hərbi vəziyyət rejimi;
9) dövlət təltifləri;
10) fiziki və hüquqi şəxslərin statusu;
11) mülki hüquq obyektləri;
12) əqdlər, mülki müqavilələr, nümayəndəlik və vərəsəlik;
13) mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli
mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ;
14) ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq;
15) maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər; gömrük işi;
16) əmək münasibətləri və sosial təminat;
17) cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə
məsuliyyətin təyin edilməsi;
18) müdafiə və hərbi qulluq;
19) dövlət qulluğu;
20) təhlükəsizliyin əsasları;
21) ərazi quruluşu; dövlət sərhədi rejimi;
22) beynəlxalq müqavilələrin təsdiqi və ləğvi;
23) rabitə və nəqliyyat işi;
24) statistika, metrologiya və standartlar;
25) gömrük işi;
26) ticarət işi və birja fəaliyyəti;
27) bank işi, mühasibat, sığorta.
II. Bu maddənin 2, 3, 4-cü bəndlərində göstərilən məsələlərə dair qanunlar 83 səs çoxluğu ilə,
qalan məsələlərə dair qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir.
III. Bu maddənin birinci hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər.
Maddə 95. Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər
I. Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir:
1) Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili;
2) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik
nümayəndəliklərinin təsis edilməsi;
3) inzibati ərazi bölgüsü;
4) dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan
hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;
5) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət
büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət;
6) Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin seçilməsi;
7) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının hərbi
doktrinasının təsdiqi;
8) bu Konstitusiyada nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Prezidentinin
fərmanlarının təsdiqi;
9) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Baş
nazirinin vəzifəyə təyin edilməsinə razılıq verilməsi;
10) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası
apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi;
11) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Baş
prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
12) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təqdimatına əsasən Azərbaycan
Respublikası Prezidentinin impiçment qaydasında vəzifədən kənarlaşdırılması;
13) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən hakimlərin vəzifədən
kənarlaşdırılması;
14) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi;
15) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası
Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
16) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi;
17) Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və
sülh bağlanmasına icazə verilməsi;
18) referendum təyin edilməsi;
19) amnistiya;
20) bələdiyyələrin hesabatlarının dinlənilməsi.
II. Bu maddənin 1-5-ci bəndlərində göstərilən məsələlərə dair 63 səs çoxluğu ilə qanunlar, qalan
məsələlərə dair isə bu Konstitusiyada başqa qayda nəzərdə tutulmayıbsa, eyni qaydada qərarlar
qəbul edilir.
III. Bu Konstitusiyada Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilən digər
məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili ilə əlaqədar məsələlərə,
Azərbaycan Respublikası Milli Məclisinin münasibətinin bildirilməsi zəruri olan məsələlərə dair də
qərarlar qəbul edilir.
IV. Bu maddənin birinci hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər. (1, 2)
Maddə 96. Qanunvericilik təşəbbüsü hüququ
I. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun
layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim
etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan
Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan
Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikası
Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.
II. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin,
Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası
Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü
qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar
layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.
III. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan
istifadə edən subyektin razılığı ilə edilə bilər.
IV. Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min
vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri iki
ay ərzində səsə qoyulur.
V. Qanun və ya qərar layihəsini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan
Respublikasının Ali Məhkəməsi və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təcili elan
edibsə, bu müddət 20 gün təşkil edir.
VI. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü
hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.
VII. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri
göstərilməlidir.(1, 2)
Maddə 97. Qanunların imzalanmaq üçün təqdim olunması müddəti
I. Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə
imzalanmaq üçün təqdim edilir.
II. Təcili elan olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün
qəbul edildiyi gündən 24 saat ərzində təqdim edilir.
Maddə 98. Azərbaycan Respublikası Milli Məclisinin aktlarının qüvvəyə minməsi
Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə
tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir.
VI fəsil. İCRA HAKİMİYYƏTİ
Maddə 99. İcra hakimiyyətinin mənsubiyyət
Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikası Prezidentinə mənsubdur.
Maddə 100. Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər
Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi
yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum
olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan
Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.
(KM1)
Maddə 101. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları
I. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında,
sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.
II. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs
çoxluğu ilə seçilir.
III. Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra
ikinci bazar günü səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə ən çox
səs toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş
namizədlərdən sonra gələn iki namizəd iştirak edir.
IV. Səsvermənin ikinci dövrəsində sadə səs çoxluğu toplayan namizəd Azərbaycan
Respublikasının Prezidenti seçilmiş sayılır.
V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti
seçkilərinin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət
müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun)
keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.
VI. Bu maddənin tətbiqi qaydası qanunla müəyyən edilir.(1, 2)
Maddə 102. Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları
Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə
günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən
elan edir. (1)
Maddə 103. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı
I. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti
seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində
Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: «Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına
əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə
xidmət edəcəyimə and içirəm».
II. And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına
başlamış sayılır.
Maddə 104. Azərbaycan Respublikası Prezidentinin öz səlahiyyətlərini daimi icra edə bilməməsi
I. Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra
etmək qabiliyyətini tamamilə itirdikdə, bu Konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada
vəzifəsindən kənarlaşdırıldıqda vaxtından əvvəl vəzifədən getmiş sayılır.
II. Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə onun istefa ərizəsi Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi istefa ərizəsini Azərbaycan Respublikası Prezidentinin özünün verdiyinə
əmin olduğu təqdirdə Azərbaycan Respublikasının Prezidentinin istefasının qəbul olunması
haqqında qərar qəbul edir. Həmin andan Azərbaycan Respublikasının Prezidenti istefa verdiyinə
görə vəzifədən getmiş sayılır.
III. Azərbaycan Respublikasının Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək
qabiliyyətini tamamilə itirdiyi barədə məlumat verildikdə Azərbaycan Respublikasının Milli Məclisi
bu faktın aydınlaşdırılması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
müraciət edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu barədə qərarı hakimlərin
6 səs çoxluğu ilə qəbul edir. Əgər Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu faktı
təsdiq etməzsə, məsələ bununla bitmiş sayılır.
Maddə 105. Azərbaycan Respublikasının Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərinin
icrası
I. Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə üç ay ərzində
növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan
Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti
səlahiyyətlərini Azərbaycan Respublikasının baş naziri icra edir.
II. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən
Azərbaycan Respublikasının baş naziri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra
etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir.
III. Bu maddənin ikinci hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisi sədrinin icra etməsi mümkün
olmadıqda Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir. (1)
Maddə 106. Azərbaycan Respublikası Prezidentinin toxunulmazlığı
Azərbaycan Respublikasının Prezidenti toxunulmazlıq hüququna malikdir. Azərbaycan
Respublikası Prezidentinin şərəf və ləyaqəti qanunla qorunur.
Maddə 107. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması
I. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan
Respublikasının Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün müddətində
verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər.
II. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar
əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər. Bu qərarı
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri imzalayır. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar
çıxmazsa, qərar qüvvəyə minmir.
III. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli Məclisinə
müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır. Bu müddətdə göstərilən qərar
qəbul edilməsə, Azərbaycan Respublikasının Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd
edilmiş sayılır.
Maddə 108. Azərbaycan Respublikası Prezidentinin təminatı
I.Azərbaycan Respublikasının Prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan
Respublikası Prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin
edir.
II. Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları
Konstitusiya qanunu ilə müəyyən edilir.(2)
Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri
Azərbaycan Respublikasının Prezidenti:
1) Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri təyin edir;
2) Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin
təsdiqinə təqdim edir;
3) dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir;
4) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini
vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir;
5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir;
zəruri hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir;
6) Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir;
7) Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər
çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır;
8) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv
edir;
9) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi
və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi
haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan
Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan
Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə
təyin və vəzifədən azad edir;
10) Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən
azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir; Azərbaycan
Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi
Bankının sədrini təyin edir;
11) Azərbaycan Respublikasının hərbi doktrinasını Azərbaycan Respublikası Milli Məclisinin
təsdiqinə verir;
12) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə təyin və
vəzifədən azad edir;
13) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin
edir;
14) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir;
15) Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik
nümayəndəliklərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat
verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik
nümayəndələrini təyin edir və geri çağırır;
16) xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul edir;
17) hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası və Azərbaycan
Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri təsdiq
və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri
imzalayır;
18) referendum təyin edir;
19) qanunları imzalayır və dərc edir;
20) vətəndaşlıq məsələlərini həll edir;
21) siyasi sığınacaq verilməsi məsələlərini həll edir;
22) əfv edir;
23) dövlət təltifləri ilə təltif edir;
24) ali hərbi və ali xüsusi rütbələr verir;
25) ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;
26) Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və müddətli
hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir;
27) Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır;
28) Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına
cəlb edilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat
verir;
29) fövqəladə və hərbi vəziyyət elan edir;
30) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır;
31) Azərbaycan Respublikası dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş xərclər
çərçivəsində xüsusi mühafizə xidmətləri yaradır;
32) Bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının
səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir. (1, 2)
Maddə 110. Qanunların imzalanması
I. Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56
gün ərzində imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa, o,
qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan
Respublikasının Milli Məclisinə qaytara bilər.
II. Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmazsa,
qüvvəyə minmir. Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə qəbul edilən
qanunları 95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə
yenidən qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.
Maddə 111. Hərbi vəziyyət elan edilməsi
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi
faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan
etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan
Respublikasının ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda
Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir
və bu barədə fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə
verir.
Maddə 112. Fövqəladə vəziyyət tətbiq edilməsi
Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji
və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün
pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə,
zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi,
yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana
gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu
barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin
təsdiqinə verir.
Maddə 113. Azərbaycan Respublikası Prezidentinin aktları
I. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa
məsələlər barəsində isə sərəncamlar qəbul edir.
II. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında başqa qayda nəzərdə
tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir.
Maddə 114. Azərbaycan Respublikası Nazirlər Kabinetinin statusu
I. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır.
II. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı
icra orqanıdır.
III. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə
tabedir və onun qarşısında cavabdehdir.
IV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını Azərbaycan Respublikasının
Prezidenti müəyyənləşdirir.
Maddə 115. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri,
onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.
Maddə 116. Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası
Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra
etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası
Prezidentinə istefa verir.
Maddə 117. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq, Azərbaycan
Respublikasının Baş naziri sədrlik edir.
Maddə 118. Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydası
I. Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə
Azərbaycan Respublikasının Prezidenti təyin edir.
II. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan
Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya
Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec
olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.
III. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə
namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec
olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin
təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç
dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş
nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər.
Maddə 119. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
■Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim edir;
■Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;
■maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;
■dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
■dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;
■nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv
edir;
■Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll
edir.
Maddə 120. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları
I. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar,
başqa məsələlər üzrə sərəncamlar qəbul edir.
II. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda nəzərdə
tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir.
Maddə 121. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər
I. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yaşı 30-dan aşağı olmayan, seçkilərdə
iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan
Respublikasının vətəndaşı təyin edilir.
II. Azərbaycan Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının
rəhbəri vəzifəsinə yaşı 25-dən aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali
təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.
Maddə 122. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid tələblər
Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və
yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə
məşğul ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə
aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.
Maddə 123. Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığı
I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Baş nazirinin şəxsiyyəti toxunulmazdır.
II. Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanma hallarından başqa tutula
bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati
tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
III. Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanarsa tutula bilər. Belə olduqda
onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər
verməlidir.
IV. Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş
prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən xitam verilə
bilər.
Maddə 124. Yerlərdə icra hakimiyyəti
I. Yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.
II. İcra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən
azad edir.
III. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən
edir.
VII fəsil. MƏHKƏMƏ HAKİMİYYƏTİ
Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
I. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız
məhkəmələr həyata keçirirlər.
II. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan
Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri,
Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata
keçirirlər.
III. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla
nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir.
IV. Cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi
iştirak edir.
V. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur.
VI. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi
üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır.
VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.(1, 2)
Maddə 126. Hakimliyə namizədlərə aid tələblər
I. Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və
hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola
bilərlər.
II. Hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq
fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola
bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifə
maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib
ala bilməzlər.
Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri
və şərtləri
I. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər.
II. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna
müvafiq baxırlar.
III. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla
məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi
yolverilməzdir.
IV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata
keçirilir.
V. Bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır.
İşə qapalı iclasda baxılmasına yalnız o halda icazə verilir ki, məhkəmə açıq icraatın dövlət, peşə
və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, ya da vətəndaşların şəxsi və ya
ailə həyatının məxfiliyini qorumaq zərurətinin mövcudluğunu müəyyən edir.
VI. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin qiyabi məhkəmə icraatına
yol verilmir.
VII. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.
VIII. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
IX. Ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır.
X. Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və
ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin iştirakçısı olub
məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq,
məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ
təmin edilir.
Maddə 128. Hakimlərin toxunulmazlığı
I. Hakimlər toxunulmazdırlar.
II. Hakim cinayət məsuliyyətinə yalnız qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilər.
III. Hakimlərin səlahiyyətlərinə yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq
surətdə xitam verilə bilər.
IV. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında
Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər. Müvafiq rəyi Azərbaycan
Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin sorğusundan sonra 30
gün müddətində təqdim etməlidir.
V. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali
Məhkəməsi və Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin işdən
kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 83 səs çoxluğu ilə
qəbul edilir; başqa hakimlərin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan
Respublikasının Milli Məclisində 63 səs çoxluğu ilə qəbul edilir. (1)
Maddə 129. Məhkəmə qərarları və onların icrası
I.Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
III. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.(2)
Maddə 130. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
I. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir.
II. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası
Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.
III. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin,
Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin,
Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında aşağıdakı məsələləri həll edir:
1) Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;
2) Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
Azərbaycan Respublikası qanunlarına uyğunluğu;
3) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına
uyğunluğu;
4) Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda
Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;
5) bələdiyyə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası
qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar
Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin qərarlarına) uyğunluğu;
6) Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin Azərbaycan
Respublikası Konstitusiyasına uyğunluğu; Azərbaycan Respublikasının hökumətlərarası
müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;
7)Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası
Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin qərarlarının, Azərbaycan Respublikası qanunlarına uyğunluğu;
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası
Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına
uyğunluğu;
8)qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı
mübahisələr.
IV. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası
Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası
Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan
Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir.
V. Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının
normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu
maddənin III hissəsinin 1—7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə
bilər.
VI. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan
hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası
Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
VII. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili insan hüquq və azadlıqlarını
pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və
məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1—7-ci
bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə
bilər.
VIII.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu Konstitusiyada nəzərdə tutulmuş
digər səlahiyyətləri də həyata keçirir.
IX.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən
məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı
Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir.
X.Qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının
hökumətlərarası müqavilələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında
müəyyən edilmiş müddətdə qüvvədən düşür; Azərbaycan Respublikasının dövlətlərarası
müqavilələri qüvvəyə minmir. (1, 2)
Maddə 131. Azərbaycan Respublikasının Ali Məhkəməsi
I. Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin
icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, kassasiya
qaydasında ədalət mühakiməsini həyata keçirir; məhkəmələrin praktikasına aid məsələlər üzrə
izahatlar verir.
II. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası
Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.
III. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir.(1, 2)
Maddə 132. Azərbaycan Respublikasının apellyasiya məhkəmələri
I. Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid
edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir.
II. Azərbaycan Resrublikasının apellyasiya məhkəmələrinin hakimlərini Azərbaycan Respublikası
prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir. (1)
Maddə 133. Azərbaycan Respublikasının Prokurorluğu
I. Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda
qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət
işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia
qaldırır; məhkəmə qərarlarından protest verir.
II. Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan
Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.
III. Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.
IV. Azərbaycan Respublikası Baş prokurorunun müavinlərini, respublika ixtisaslaşdırılmış
prokurorluqlara rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar Respublikasının Prokurorunu
Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti
vəzifəyə təyin və vəzifədən azad edir.
V. Ərazi və ixtisaslaşdırılmış prokurorları Azərbaycan Respublikası Prezidentinin razılığı ilə
Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir. (1)
VIII fəsil. NAXÇIVAN MUXTAR RESPUBLİKASI
Maddə 134. Naxçıvan Muxtar Respublikasının statusu
I. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.
II. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir.
III. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.
IV. Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin
fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar
Respublikasının ərazisində məcburidir.
V. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının
Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar
Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin
fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
VI. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə
Azərbaycan Respublikasının prezidenti tərəfindən təqdim edilir və Konstitusiya Qanunu ilə təsdiq
edilir. (1)
Maddə 135. Naxçıvan Muxtar Respublikasında hakimiyyətlərin bölünməsi
I. Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti,
məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir.
II. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyası və
qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və
Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin
həllində, Naxçıvan Muxtar Respublikasının məhkəmələri isə Azərbaycan Respublikası
Konstitusiyası və qanunları ilə onların səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.
Maddə 136. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi
Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədridir.
Maddə 137. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 üzvdən ibarətdir.
II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddəti 5 ildir.
III. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədrini və onun müavinlərini seçir, daimi və digər komissiyalar təşkil edir.
Maddə 138. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalar
I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakılara dair ümumi qaydalar müəyyən edir:
1) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər;
2) vergilər;
3) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri;
4) sosial təminat;
5) ətraf mühitin qorunması;
6) turizm;
7) səhiyyə, elm, mədəniyyət.
II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunlar
qəbul edir.
Maddə 139. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlər
I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakı məsələləri həll edir:
1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili;
2) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi;
3) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi;
4) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
5) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərkibinin təsdiqi;
6) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad.
II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarlar
qəbul edir.
Maddə 140. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
I. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası
Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.
II. Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin
təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir.
III. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
■muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinə təqdim edir;
■muxtar respublikanın büdcəsini icra edir;
■muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
■muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;
■Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll
edir.
IV. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərar və sərəncamlar qəbul edir.
Maddə 141. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti
Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar
Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin
edir.
IX fəsil. BƏLƏDİYYƏLƏR
Maddə 142. Yerlərdə özünüidarənin təşkili
I. Yerli özünüidarəni bələdiyyələr həyata keçirir.
II. Bələdiyyələr seçkilər əsasında yaradılır.
III. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə
qanunla müəyyən edilir. (1)
Maddə 143. Bələdiyyələrin işinin təşkili
I. Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir.
II. Bələdiyyənin iclaslarını bələdiyyənin sədri çağırır.
Maddə 144. Bələdiyyələrin səlahiyyətləri
I. Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir:
1) bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların
səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
2) bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
3) bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyalırın seçilməsi;
4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;
5) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;
6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;
7) yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;
8) yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;
9) yerli ekoloji proqramların qəbul və icra edilməsi.
II. Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər.
Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də
ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra
hakimiyyətləri nəzarət edirlər.
Maddə 145. Bələdiyyələrin qərarları
I. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir.
II. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
III. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul
edilir.
Maddə 146. Bələdiyyələrin müstəqilliyinin təminatı
I. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində
yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin
seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin
vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir.
II. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin
suverenliyinə xələl gətirə bilməz.
III. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir.
IV. Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində
Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər.
V.Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, dövlət hakimiyyəti orqanlarının qərarları
nəticəsində yaranan əlavə xərclərinin ödənilməsinə təminat verilir. (2)
X fəsil. QANUNVERİCİLİK SİSTEMİ
Maddə 147. Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi
I. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi
qüvvəyə malikdir.
II. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.
III. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik
sisteminin əsasıdır.
Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar
I. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:
1) Konstitusiya;
2) referendumla qəbul edilmiş aktlar;
3) qanunlar;
4) fərmanlar;
5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
II. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan
Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsidir.
III. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası
və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə
malikdir.
IV. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının
qanunvericilik sisteminə uyğun olmalıdır.
V. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan
aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər.
Maddə 149. Normativ hüquqi aktlar
I. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə)
əsaslanmalıdır.
II. Referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar,
qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.
III. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası
bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr
üçün məcburidir.
IV. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası
bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.
V. Azərbaycan Respublikası Nazirlər Kabinetinın qərarları Azərbaycan Respublikasının
Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd
olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların
tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün
məcburidir.
VI. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına,
qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan
qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa
normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
VIII. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməmiş normativ hüquqi aktın
icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona
riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi
qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.(1, 2)
Maddə 150. Bələdiyyə aktları
I. Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər
münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına,
Azərbaycan Respublikasının Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar
Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin qərarlarına) zidd olmamalıdır.
II. Bələdiyyənin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində
yerləşən hüquqi şəxslər üçün məcburidir.
Maddə 151. Beynəlxalq aktların hüquqi qüvvəsi
Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə
(Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla)
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət
yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.
XI fəsil. AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINDA DƏYİŞİKLİKLƏR
Maddə 152. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin qəbul edilməsi qaydası
Azərbaycan Respublikasının Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul
edilə bilər.
Maddə 153. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin təklif edilməsi
qaydası
Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının
Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə
dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır.
Maddə 154. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin
məhdudlaşdırılması
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi referendumla qəbul olunmuş Azərbaycan
Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz.
Maddə 155. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər təklif edilməsi
təşəbbüsünün məhdudlaşdırılması
Bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv
edilməsi haqqında, 3-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının
ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə
tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla
bilməz. (1)
XII fəsil. AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINA ƏLAVƏLƏR
Maddə 156. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası
I. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli
Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir.
II. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları
Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur. İkinci səsvermə birincidən 6
ay sonra keçirilir.
III. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları həm
birinci, həm də ikinci səsvermədən sonra bu Konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş
qaydada Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün təqdim olunur.
IV. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları
Azərbaycan Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədən sonra imzalandıqda
qüvvəyə minir.
V. Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və
Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.
Maddə 157. Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsü
Azərbaycan Respublikasının Konstitusiyasına əlavələri Azərbaycan Respublikasının Prezidenti
və ya Azərbaycan Respublikası Milli Məclisinin azı 63 deputatı təklif edə bilər.
Maddə 158. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin təklif edilməsi
təşəbbüsünün məhdudlaşdırılması
Bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar Azərbaycan
Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilməz. (1)
KEÇİD MÜDDƏALARI
1. Azərbaycan Respublikasının Konstitusiyası referendumla qəbul edildikdən sonra rəsmən dərc
olunduğu gündən qüvvəyə minir. Bu Konstitusiyanın qüvvəyə mindiyi gündən 1978-ci il aprelin
21-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası (Əsas Qanunu) qüvvədən düşür.
2. Bu Konstitusiyanın qüvvəyə minməsinə qədər seçilmiş Azərbaycan Respublikasının Prezidenti
bu Konstitusiya ilə Azərbaycan Respublikasının Prezidentinə aid edilmiş səlahiyyətləri həyata
keçirir.
3. Bu Konstitusiyanın 101-ci maddəsinin 5-ci hissəsi bu Konstitusiya qəbul edildikdən sonra
seçilən Azərbaycan Respublikası Prezidentinə şamil edilir.
4. Azərbaycan Respublikası xalq deputatlarının və Azərbaycan Respublikası Ali Sovetinin
yaratdığı Milli Məclisin səlahiyyətləri yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk
iclas günü başa çatır.
Yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası Azərbaycan Respublikası Milli
Məclisinin azı 83 deputatının seçildiyi gündən bir həftə sonra keçirilir. Azərbaycan Respublikası
Milli Məclisinin ilk sessiyası 1996-cı il mayın 31-dək davam edir.
1995-ci il avqustun 15-də qəbul edilmiş «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər
haqqında» Azərbaycan Respublikası Qanununun 85-ci maddəsi bu Qanun əsasında seçilmiş
Azərbaycan Respublikası Milli Məclisinin birinci çağırışının səlahiyyətləri bitənədək qüvvədədir.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Konstitusiyanın qüvvəyə mindiyi gündən bu
Konstitusiyada müəyyən edilən səlahiyyətləri həyata keçirir.
6. Bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli Xalq Deputatları
Sovetlərinin səlahiyyətlərinə xitam verilir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli Xalq Deputatları
Sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir.
7. Bu Konstitusiya qüvvəyə mindikdən sonra iki il müddətində yerli özünüidarə haqqında qanun
qəbul edilməli və bələdiyyələrə seçkilər keçirilməlidir.
8. Bu Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə
olan qanunlar və başqa normativ hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan hissədə qüvvəsini
saxlayır.
9. Bu Konstitusiya qüvvəyə minənədək fəaliyyət göstərən Azərbaycan Respublikasının
məhkəmələri ədalət mühakiməsini bu Konstitusiyada müəyyən edilən səlahiyyətlərə və
prinsiplərə uyğun həyata keçirir.
10. Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il ərzində hakimlərin statusu, məhkəmə quruluşu
və məhkəmə islahatı ilə əlaqədar Azərbaycan Respublikasının bu Konstitusiyaya uyğun olan
qanunvericiliyi qəbul edilməlidir və Azərbaycan Respublikası məhkəmələrinin hakimləri yenidən
təyin edilməlidir.
Həmin qanunvericilik qəbul edilənədək hakimlərin vəzifəyə təyin və vəzifədən azad edilməsi bu
Konstitusiya qüvvəyə minənədək qüvvədə olan qanunvericilik əsasında həyata keçirilir.
11. Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilməli və
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmalıdır. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi yaradılanadək bu Konstitusiyada nəzərdə tutulmuş
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətləri həyata keçirilmir. Bu
Konstitusiyanın 130-cu maddəsinin üçüncü hissəsinin 7-ci bəndində nəzərdə tutulmuş məsələni
Azərbaycan Respublikasının Ali Məhkəməsi həll edir.
12. Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi bu Konstitusiyanın qüvvəyə mindiyi
gündən Azərbaycan Respublikasının İqtisad Məhkəməsi adlanır və qüvvədə olan qanunvericiliklə
müəyyən olunmuş səlahiyyətləri həyata keçirir.
№ 00.
12 noyabr 1995-ci il.
Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 iyul 1997-ci il, № 1)
Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər etmiş
sənədlərin siyahısı
1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 iyun 2002-ci il tarixli Qərarı —
«Azərbaycan» qəzeti (22 iyun 2002-ci il, № 140);
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 29 avqust 2002-ci il tarixli 99/372
nömrəli Qərarı — «Azərbaycan» qəzeti (19 iyun 2002-ci il, № 216)
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2008-ci il tarixli Qərarı —
«Azərbaycan» qəzeti (25 dekabr 2008-ci il, № 288);
Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının 30 mart 2009-cu il tarixli
19/86 nömrəli Qərarı — «Azərbaycan» qəzeti (31 mart 2009-cu il, № 66)
(KM1) 100-cü maddəsinin «...başqa dövlətlər qarşısında öhdəliyi olmayan...» müddəasının
hüquqi mənası vətəndaşın xarici dövlətlərlə bağlılığına və onlardan asılılığına səbəb olan
münasibətlərin mövcudluğu ilə əlaqədar yaranan öhdəliklərinin olmamasını ehtiva edir.
Belə öhdəliklər uzun müddət ərzində xaricdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və
sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən
müddətdən artıq tərk etməmək və s. kimi, habelə siyasi hüquqi və bu cür digər öhdəliklər də ola
bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1 avqust 2003-cü il tarixli qərarı -
«Azərbaycan» qəzeti, 3 avqust 2003-cü il, № 176).
История - еще материалы к урокам:
- Конспект урока "Китай. Монголия" 9 класс
- Внеурочное мероприятие "Огневые сороковые" 9 класс
- Конспект урока "Карабахская ханства" 9 класс
- План открытого урока "Капиталистический мир в 20-е годы. США и страны Европы" 9 класс
- Конспект урока "Итоги и уроки Гражданской войны" 9 класс
- Конспект урока "Итоги и уроки Великой Отечественной войны. Источники и цена Победы" 9 класс